Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasının 62-ci sessiyasında bəyan edib ki, inkişaf hüququ və insan hüquqlarının qorunması demokratiya, sülh və rifahın əsasını təşkil edir. Azərbaycan nümayəndəliyi bildirib ki, Cənubi Qafqaz qarşıdurmadan əməkdaşlıq məkanına çevrilmək üçün tarixi imkan əldə edib. Azərbaycan regionda yeni iqtisadi, ticarət və tranzit imkanları yaradıb. Bəyanatda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin, eləcə də məcburi köçkünlərin doğma yurdlarına qayıdışının hökumətin əsas prioritetlərindən olduğu vurğulanıb. Mina və partlamamış sursatların bu prosesə ciddi maneə yaratdığı bildirilib və beynəlxalq ictimaiyyət həmrəyliyə çağırılıb. Azərbaycan eyni zamanda Avropa İttifaqında islamofobiya, irqçilik, ayrı-seçkilik və miqrantlara qarşı qeyri-bərabər münasibətlə bağlı narahatlığını ifadə edib.

