Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yuxulu vəziyyətdə sükan arxasına əyləşməmələri ilə bağlı xəbərdarlıq edib.Ağır yol qəzalarının bir çoxunda əsas səbəb sürücülərin yorğun və yuxulu halda avtomobil idarə etməsidir.Yuxululuq zamanı diqqət, reaksiya və yol şəraitini qiymətləndirmə qabiliyyəti zəifləyir. Xüsusilə gecə və səhərə yaxın saatlarda sükan arxasında olmaq daha təhlükəlidir.Tez-tez əsnəmək, göz qapaqlarında ağırlıq hiss etmək, diqqətin yayınması, yol nişanlarını gec görmək və son kilometrləri xatırlamamaq artıq təhlükə siqnalıdır.“Mikroyuxu” halı isə xüsusi risk yaradır. Sürücü fərqinə varmadan bir neçə saniyəlik yuxuya gedə bilər və bu müddətdə avtomobil onlarla metr məsafə qət edir. BDYPİ sürücülərə yuxu hiss etdikdə təhlükəsiz yerdə dayanmağı, qısa istirahət etməyi, təmiz hava almağı və zərurət yaranarsa sükanı başqa sürücüyə verməyi tövsiyə edib.

