Bu gün Azərbaycanda Novruz bayramının sonuncu çərşənbəsi – torpağın və həyatın oyandığı İlaxır (Torpaq) çərşənbəsi qeyd olunur.İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.Bu gün həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər qoyulur və şamlar yandırılır.Yaz fəsli Azərbaycana martın 20-si saat 18:45:53-də daxil olacaq.Martın 20-21-i ölkədə Novruz bayramı qeyd olunacaq.Yazın gəlişi ilə Günəş ekvatoru keçərək Şimal yarımkürəsinə daxil olur və təbiətdə yenilənmə dövrü başlayır.Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.Tonqallar binaların, avtomobillərin, elektrik xətlərinin və yaşıllıq ərazilərin yaxınlığında qalanmamalı, ən azı təhlükəsiz məsafədə yandırılmalı və daim nəzarətdə saxlanılmalıdır. Azyaşlıların tonqal ətrafında nəzarətsiz qalmamasını və bayram zamanı ehtiyatlı davranılması tövsiyə edilib.

