Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması üçün mühüm addımlar atıb.Nazirin sözlərinə görə, sülh sazişinin imzalanması üçün Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərin edilməsi vacibdir. O qeyd edib ki, Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.Bayramov həmçinin bildirib ki, TRİPP layihəsi ilə bağlı əsas danışıqlar ABŞ və Ermənistan arasında aparılır. Azərbaycan proses barədə ABŞ tərəfindən mütəmadi məlumatlandırılır və layihənin ölkəmizin iştirakı olmadan həyata keçirilməsi mümkün deyil.Nazir deyib ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyasını şimaldan cənuba doğru aparmaq barədə razılaşıb.Onun sözlərinə görə, işlər Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayacaq. Daha spesifik məsələlər, o cümlədən yaşayış məntəqələri ilə bağlı detallar delimitasiya komissiyalarının görüşlərində müzakirə olunacaq.

