“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində “Perished Civilization” nəşrində Ermənistanın indiki Şirak vilayətində yerləşən Güllübulaq kəndinin tarixinə dair araşdırma dərc olunub. Məqalədə bildirilir ki, kənd çar dövründə Güllübulaq, Güllübulax və Gülübulax adları ilə tanınıb. Kənd ən azı 120 il Güllübulaq adını daşıyıb. 2006-cı ildə adı Byurakn olaraq dəyişdirilib. Hazırda kənd Ermənistanın Şirak vilayətinin tərkibindədir. Tarixi mənbələrə görə, kənddə uzun illər əsasən azərbaycanlılar, o cümlədən qarapapaqlar yaşayıb. 1919–1920-ci illərdə bölgədə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilib və kəndin əhalisi kəskin azalıb. 1921-ci il Qars müqaviləsindən sonra kənd Sovet Ermənistanının tərkibində qalıb. 1930-cu ildən isə Ağbaba rayonuna daxil edilib. Mənbələrə əsasən, 1980-ci illərin sonlarına qədər kənddə əsasən azərbaycanlılar yaşayıblar.2021–2024-cü illərdə aparılan araşdırmalar zamanı kənddə azərbaycanlılara məxsus qəbiristanlıq da aşkarlanıb. Araşdırmada qeyd edilir ki, azərbaycanlıların deportasiyasından sonra qəbiristanlıqda ermənilərin dəfninə başlanılıb.

