Prezident İlham Əliyev 31-ci “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxışı zamanı deyib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyub və illər ərzində beynəlxalq enerji platformasına çevrilib. Prezident vurğulayıb ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi bundan sonra da artacaq. Ölkənin iqtisadi göstəriciləri müsbətdir, xarici borc əhəmiyyətli dərəcədə azaldılıb, yoxsulluq və işsizlik səviyyəsi isə 5 faiz ətrafındadır. Prezident bildirib ki, Azərbaycan artıq xarici ölkələrə investisiya yatıran dövlətə çevrilib. Dövlət başçısı həmçinin Qara dəniz enerji kabeli, regional enerji layihələri və Zəngəzur dəhlizi ilə bağlı həyata keçirilən işlərdən danışıb. Şərq-Qərb Dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi avqustun 8-də Ağ Evdə imzalanmış sənədə əsasən mütləq inşa ediləcək.

