Tbilisidə İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.Prezident İlham Əliyev bildirib ki, hazırda Cənubi Qafqazda yeni vəziyyət formalaşır və region ölkələri bu imkanlardan istifadə etməlidir. O vurğulayıb ki, Ermənistanla sülhün möhkəmlənməsi üçün yalnız sənədlərin imzalanması kifayət deyil, hər addımda sülh təşviq olunmalıdır. Prezidentə görə, bunun ən effektiv yolu iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsidir və bu prosesdə Gürcüstan mühüm rol oynayır.Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər qarşılıqlı hörmət, etimad, ortaq maraqlar və dostluq prinsiplərinə əsaslanır və bu əməkdaşlıq modeli digər qonşu ölkələr üçün də nümunə ola bilər. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın arasında sülh prosesini alqışladığını bildirib.Baş nazir iki ölkə arasında strateji tərəfdaşlığın mövcud olduğunu və əməkdaşlığın müxtəlif sahələr üzrə dinamik inkişaf etdiyini bildirib.İrakli Kobaxidze Prezident İlham Əliyevi Gürcüstanın dəyərli dostu adlandıraraq, səfərin önəmini vurğulayıb.Tərəflər görüş zamanı ikitərəfli münasibətləri və regiondakı prosesləri müzakirə ediblər.

