Prezident İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.Dövlət başçısı bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu 35 il ərzində İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfə verib və təşkilatın fəaliyyətində fəal iştirak edib.
Prezident İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə və postmüharibə mərhələsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək göstərdiyini vurğulayıb.Müraciətdə işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda İslam mədəni irsinə qarşı vandalizm aktlarının törədildiyi diqqətə çatdırılıb. 67 məsciddən 65-i dağıdılıb, qalanlarına isə ciddi ziyan vurulub. Hazırda azad edilmiş ərazilərdə məscidlərin və dini abidələrin bərpası davam etdirilir.İlham Əliyev dünyada islamofobiyanın artmasından narahatlığını ifadə edərək, Qurani-Kərimin yandırılması və Həzrəti Məhəmməd Peyğəmbərlə bağlı təhqiramiz materialların yayılmasının qəbuledilməz olduğunu bildirib.Dövlət başçısı Azərbaycanın islamofobiya ilə mübarizə, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində beynəlxalq təşəbbüslərlə çıxış etdiyini qeyd edib.Prezident deyib ki, İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.

