Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların elektron qaydada qəbulunu və idarə olunmasını təmin edən Onlayn Sorğu Mərkəzini istifadəyə verib.Yeni rəqəmsal platforma vətəndaşlara itkin düşmüş şəxslər barədə məlumat təqdim etmək, Dövlət Komissiyasına elektron sorğu göndərmək, ehtimal olunan məzar yerlərini coğrafi koordinatlarla bildirmək, həmçinin foto və sənədləri sistemə əlavə etmək imkanı yaradır.Portal vasitəsilə daxil olan məlumatlar vahid elektron bazada toplanacaq, təhlil ediləcək və aidiyyəti dövlət qurumlarına təqdim olunacaq. Bu isə axtarış, qazıntı, ekshumasiya və şəxsiyyətin müəyyənləşdirilməsi proseslərinin daha səmərəli təşkilinə şərait yaradacaq. Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatı olan vətəndaşları yeni platformadan istifadə etməyə çağırıb.

