Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı deyib ki, dağ-mədən sənayesi müxtəlif səbəblərdən uzun müddət lazımi səviyyədə inkişaf etməyib. Əsas səbəblərdən biri yataqların bir qisminin işğal altında olan ərazilərdə yerləşməsi olub. İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondu məhv edilib, Azərbaycanın qızıl, mis və molibden yataqları talan olunub.Hazırda bu istiqamətdə yeni layihələr həyata keçirilir, tezliklə kəşfiyyat işləri, geoloji kəşfiyyat işləri aparılacaq. Prezident ölkə üzrə bu sahədə görülən işlərdən və gələcək planlardan söz açıb:
SİNXRON: İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Metallurgiya sənayesinin inkişafına dair. Əlbəttə ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur. Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır. Burada da müddət, dediyim kimi, 2030-cu ilin sonuna qədərdir".

