Azərbaycan beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətlərin təşviqinə və sivilizasiyalararası dialoqun gücləndirilməsinə davamlı töhfə verir. Bu fikir Prezident İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilib. Dövlət başçısı qeyd edib ki, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biridir və bu siyasət ölkədə müxtəlif din və etnik qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayışını təmin edir.