Bakıda,"Gülüstan" sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir. İlham Əliyev bildirib ki, 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizi işğal altında olub və bu müddət ərzində xalqımız beynəlxalq dəstəkdən məhrum qalıb.Dövlət başçısı vurğulayıb ki, son 7 aydır ölkəmiz sülh şəraitində yaşayır və sərhədlərdə sakitlik hökm sürür. Bakı və İrəvan arasında qurulan ticarət əlaqələri də sülhün uzunmüddətli olacağının göstəricisidir.Bəzi beynəlxalq iştirakçıların selektiv yanaşması müşahidə olunub, lakin Azərbaycan həmişə təhlükəsizlik və sülhə böyük önəm verib. Ermənistanla əldə olunmuş sülh isə yalnız kağız üzərində deyil, reallığa çevrilib və region üçün unikal nümunədir. Prezident əlavə edib ki, Azərbaycan bu il daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək və iştirakçıları may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna dəvət edib.

