"Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir". Bu sözləri Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər dostluq, qardaşlıq və ortaq tarixi-mədəni dəyərlər üzərində qurulub. “Füzuli şəhərində məscidin tikintisinə artıq başlanılıb. Bu, Türkmənistan xalqının Azərbaycana səmimi münasibətinin göstəricisidir” - dövlət başçısı Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistana təşəkkür edib. Prezident deyib ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir.O, Bakı ilə Aşqabadın, eləcə də Füzuli ilə Arkadağın qardaş şəhərlər olduğunu vurğulayıb.İlham Əliyev Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini deyib.

