Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezidentin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev sözügedən xəstəxanada olublar. Ölkə rəhbərliyi Perinatal Mərkəzdə bu gecə baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb. Prezidentin köməkçisi Anar Ələkbərov deyib ki, hadisə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Baş prokuror Kamran Əliyevin sözlərinə görə, yanğın elektrik mənşəlidir. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib. İntensiv terapiya şöbəsində müalicə alan 4 uşağınsa meyiti aşkar olunub. Baş prokuror uşaqların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğunun ekspertizanın rəyindən sonra bəlli olacağını bildirib.
Lalə Nəsib