Bu gün Prezident İlham Əliyev Lənkəran və Neftçalada səfərdə olub. Dövlət başçısı Lənkəranın Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub. Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub. Ölkə rəhbəri Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib. 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Bildirilib ki, Ağdam, Laçın və Cəbrayıl rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. Prezident Lənkəranda yeni inşa edilən müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub, qənnadı məhsullarının istehsalı müəssisəsinində də olub. Neftçalada isə şəhərin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib. Layihə rayon üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.
Lalə Nəsib