Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür. Ölkə üzrə səsverməyə start verilib. Prezident seçkilərində namizədlərin sayı 7-dir. 125 seçki dairəsi üzrə siyahıya alınan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək. İlk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır. Saat 8-də Mərkəzi Seçki komissiyasının sərdi Məzahir Pənahov seçkilərin başlandığını elan edib. Səsvermə axşam saat 7-ə kimi davam edəcək. Seçkiləri izləmək üçün ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 50 mindən çoxu 19 siyasi partiyanın nümayəndələridir. 790 nəfər isə beynəlxalq müşahidəçidir. 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi isə prosesi işıqlandırmaq üçün Azərbaycandadır. Bu gün 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçirilir. Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək. Bu məqsədlə 26 seçki məntəqəsi fəaliyyət göstərir. 37 ölkədə isə 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 minə yaxın seçici siyahıya alınıb. Səsvermənin gedişi ilə bağlı bu gün ərzində 5 dəfə - saat 10, 12, 15, 17 və 19-da ictimaiyyətə məlumat veriləcək. Fevralın 9-da isə bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək və ilkin nəticələr məlum olacaq. Bir sözlə bu gün Azərbaycanda tarixi gündür. İlk dəfə Azərbaycan seçiciləri suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edir.
Lalə Nəsib