“Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar” Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb. Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsinin böyük məyusluq doğurduğunu vurğulayan Ölkə rəhbəri, dağıdılan mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsi ilə bağlı dəfələrlə UNESCO-ya müraciət edilməsinə baxmayaraq, qurumun indiyə kimi bu çağırışa cavab vermədiyini təəssüf hissi ilə qeyd edib. Müraciətdə, dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizinin Qərb ölkələrinin payına düşdüyündən də söz açıb. Fransanın özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müxtəlif islamofob kampaniyalar təşkil etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində də özünü büruzə verir-deyə Prezident sözlərinə əlavə edib.
Lalə Nəsib