Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger ilə görüşüb.Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 min azərbaycanlının taleyinin hələ də naməlum qaldığını bildirərək, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün əsas humanitar prioritetlərdən biri olduğunu vurğulayıb. O, kütləvi məzarlıqların yerləri, basdırılma faktları və mina xəritələri ilə bağlı məlumatların tam təqdim edilməsinin vacibliyini diqqətə çatdırıb.Görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsində itkin düşmüş şəxslərlə bağlı müddəaların əhəmiyyəti qeyd olunub, bu sahədə etimadın möhkəmləndirilməsi və humanitar problemlərin həlli üçün praktiki addımların zəruriliyi vurğulanıb.Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra mina təhlükəsinə baxmayaraq genişmiqyaslı axtarışlar aparıb və aşkarlanan 2 mindən çox erməni hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

